Diaspor rəhbəri parlament sədrinin birinci müavini ilə görüşüb
27 Sentyabr, 12:51   |    Baxış sayı: 69

Diaspor rəhbəri parlament sədrinin birinci müavini ilə görüşüb

Diasporpress.az xəbər verir ki, "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin” sədri, tədqiqatçı alim Seymur Nəsirov Misirin parlament sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şəriflə görüşüb.

O, Misir və Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən, tolerantlıq ənənələrindən söhbət açıb, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını diqqətə çatdırıb. Azərbaycan həqiqətlərindən danışan diaspor sədri Xocalıda törədilən soyqırımın dünyanın bir çox ölkələri tərəfindən tanındığını diqqətə çatdırıb.

Əl-Seyyid Mahmud əl-Şərif iki ölkənin parlamentləri arasındakı əlaqələri yüksək qiymətləndirib və parlamentlərarası dostluq qrupunun fəaliyyəti çərçivəsində görülən işlərin əməkdaşlığın dərinləşməsindəki rolunu vurğulayıb.

Parlament sədrinin birinci müavini Azərbaycanda dəfələrlə səfərdə olduğunu məmnuniyyətlə vurğulayaraq, Azərbaycanın dünyanın ən gözəl ölkələrindən biri olduğunu söyləyib. O, qeyd edib ki, noyabrda dünyanın dini liderlərinin qatılacağı konfransın Bakıda keçirilməsi nəzərdə tutulub və o, bu tədbirdə iştirak etmək üçün ölkəmizə səfər edəcək. Bu tədbirin də, Bakıda keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlər kimi, çox yüksək səviyyədə təşkil olunacağından əminliyini bildirən spikerin birinci müavini konfransın sivilizasiyalararası və dini dialoqun möhkəmləndirilməsinə böyük töhfələr verəcəyini diqqətə çatdırıb.

Hər zaman Azərbaycan diasporuna lazimi dəstəyi verməyə hazır olduğunu qeyd edən Əl-Seyyid Mahmud əl-Şərif son aylarda ölkəmizə səfər edən misirli turistlərin sayının artmasını dövlətlərimiz arasında əlaqələrin gündən-günə inkişaf etməsinin bariz nümünəsi adlandırıb.