Bu gün Türkiyənin Zəfər bayramıdır
30 Avqust, 12:01   |    Baxış sayı: 40

Bu gün Türkiyənin Zəfər bayramıdır

30 avqust Türkiyənin Zəfər bayramı kimi qeyd olunur.

Diasporpress.az xəbər verir ki, bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır.

O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.
Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.

Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) anmaq üçün qutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.

Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub.

30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir.

Qeyd edək ki, Türkiyədə 15 iyulda baş verən hərbi çevrilişə cəhd hadisələrinə görə bu il Zəfər bayramı şənlik və konsertlərlə qeyd edilməyəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Fikri İşıq və yüksək rütbəli hərbçilərin ənənəvi olaraq "Anıtkabir”i ziyarət edəcəkləri gözlənilir.
 
Diasporpress.az