19 May, 16:21   |    Baxış sayı: 1482

"Beyin qazanma proqramı"nda memarlığın perspektivlərindən danışılıb

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən "Beyin qazanma proqramı" çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə "Gənc memarların sənətdə gələcək imkanları” mövzusunda videokonfrans keçirilib.

Virtual tədbirdə ABŞ-ın Delaver ştatında fəaliyyət göstərən "The Great House" memarlıq, inşaat və dizayn şirkətinin sahibi Yavər Rzayev məruzəçi qismində çıxış edib.

Azərbaycanda dünya standartlarından geri qalmayan güclü memarlıq məktəbinin olduğunu vurğulayan məruzəçi onu bu sənətə gətirən səbəblərdən, xaricdə keçdiyi həyat yolundan, hazırda yaşadığı ştatda həyata keçirdiyi layihələrdən və inşa etdikləri binalardan danışıb.

Müasir informasiya dövründə daha çox imkanların mövcud olduğunu vurğulayan şirkət rəhbəri gənc tələbələri öz ixtisaslarına peşəkarlıqla yanaşmağa, memarlığın sirlərini hərtərəfli şəkildə öyrənməyə, öz üzərlərində çox çalışmağa çağırıb və onları gözləyən perspektivlərə diqqəti cəlb edib.

Çoxsaylı sualların cavablandırılması ilə başa çatan videokonfrans https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin "Beyin qazanma proqramı” 2019-cu ildən etibarən həyata keçirir. Məqsəd – xaricdə yaşayan azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün Azərbaycan Universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin yaradılmasından ibarətdir.