“Beyin qazanma proqramı” çərçivəsində müxtəlif Universitetlərdə tədbirlər keçirilib
02 Mart, 14:09   |    Baxış sayı: 522

“Beyin qazanma proqramı” çərçivəsində müxtəlif Universitetlərdə tədbirlər keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən "Beyin qazanma proqramı” çərçivəsində 18 fevral 2020-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində çin dilinin filologiyası üzrə fəlsəfə doktoru Aqşın Əliyev tərəfindən "Türk və Çin dillərinin timsalında Qədim İpək yolu üzərində dillərin çarpazlaşması" adlı mühazirə oxunub. Mühazirə zamanı A.Əliyev Böyük İpək yolunun tarixi və Çin dilinin "Bir Kəmər Bir Yol” üzərində əsas (aparıcı) dil olması haqqında ətraflı məlumat verib.

Eyni zamanda, 20 və 24 fevral 2020-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında arxeologiya ixtisası üzrə doktor Nuridə Atəşi tərəfindən "Xocalı - Gədəbəy mədəniyyətinin irsi və kolleksiyaları Avropa muzeylərində” adlı mühazirələr oxunmuşdur. N.Atəşi ilk dəfə olaraq 6 ölkənin muzey və arxivlərində (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) 5 dildə ( alman, ingilis, fransız, rus və azərbaycan) tədqiqatlar aparıb, çoxlu sayda indiyə qədər elmə məlum olmayan yeni kolleksiyalar, arxiv materialları aşkar edib, Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqat tarixinin obyektiv və tənqidi təhlilini verib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildən etibarən həyata keçirilən "Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün Azərbaycan universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin yaradılmasından ibarətdir. Proqramla bağlı Dövlət Komitəsinin nümayəndələri bir sıra universitetlərin rəhbərləri ilə görüşüb və müvafiq müzakirələr aparıb.