“Qəbələ görüşündə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü dəstəklənib”- Zakir Həsənov
12 İyun, 15:10   |    Baxış sayı: 17

“Qəbələ görüşündə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü dəstəklənib”- Zakir Həsənov

 

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin Qəbələ görüşü yüksək səviyyədə başa çatıb.


Diasporpress.az-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüşdən sonra keçirilən brifinqdə bildirib. 

Nazir qeyd edib ki, digər sahələrdə olduğu kimi müdafiə sahəsində də üç qonşu dost ölkə əməkdaşlığı uğurla davam etdirilir: "Keçən il Türkiyədə memorandum imzalandı. Həmin memoranduma uyğun olaraq bizim üçtərəfli formatda görüşlərimizin hüquqi bazası yarandı. İl ərzində üçtərəfli əməkdaşlığın planında olan məsələlərin icrası müzakirə olunub”. 

Z. Həsənov bildirib ki, görüşdə Türkiyənin terrorizmlə mübarizəsini hər üç tərəf dəstəklədiyini bəyan edib: "Hər üç tərəf Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. Görüşdə həmçinin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi əməkdaşlıq sahəsində əməkdaşlıqla bağlı görülmüş işlər müzakirə olundu. Onu da qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Məsələn, 2018-ci ildə Türkiyə ilə birdə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planımızda var. İlin sonuna kimi bunların hamısı icra olunacaq”.

"Görüşdə biz Gürcüstan tərəfini də bu təlimlərə qatılmağa dəvət etdik. NATO xətti ilə Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də Gürcüstanda həyata keçirilib. Həmçinin Gürcüstanda dağ təlim mərkəzində çox uğurlu təlimlər icra olunub. Hər üç tərəf bu təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib və təlimlərin davam etdirilməsinə dair qərar qəbul olunub”, - deyə Zakir Həsənov bildirib. 

 
Diasporpress.az