“Bakıda çəkdirdiyim şəkillərimi göstərdikdə heç kim inanmırdı” - Xorvatiyalı futbolçu
15 İyul, 12:57   |    Baxış sayı: 55

“Bakıda çəkdirdiyim şəkillərimi göstərdikdə heç kim inanmırdı” - Xorvatiyalı futbolçu

"Sloveniyada keçirdiyim uğurlu mövsümdən sonra komandamla birlikdə avrokuboklarda oynayacağımı gözləyirdim. Belə bir vaxtda "Neftçi”dən təklif gəldi”. 

Diasporpress.az-ın məlumatına görə, bunu xorvatiyalı futbolçu Mateo Mujek deyib. 

24 yaşlı müdafiəçi Bakının "Neftçi” klubuna gəlişini xatırlayıb. O bildirib ki, Azərbaycan klubuna o vaxtkı baş məşqçi Elxan Abdullayevin istəyilə gəlib: "Bu klubu vaxtı ilə Zaqreb "Dinamo”su ilə qarşılaşmalardan tanıyırdım. Böyük ənənələrə və çoxsaylı azarkeşlərə malikdir. Baş məşqçi məni heyətdə görmək istədiyindən ora getdim”. 

2017/2018 mövsümündə Premyer Liqada çıxış edən M. Mujek "Neftçi”dən gedişinin səbəblərini də açıqlayıb: "İlk iki oyundan sonra baş məşqçi klubdan ayrıldı. Digər yandan isə bir problem yarandı ki, yaş limitinə görə meydanda çıxmalı olan gənc futbolçu zədələndi və yeni məşqçi mənim mövqeyimdə oynayana üstünlük verdi. Nəticədə mən 6 ay ehtiyat oyunçular skamyasında qaldım”. 

O, Azərbaycan paytaxtını Zaqrebdən üstün tutduğunu da gizlətməyib: "Azərbaycan ekzotik səslənir. Amma siz Bakıda gedəndə görürsünüz ki, bura möhtəşəm şəhərdir. Ora Dubaya bənzəyir. Orada ailəm və dostlarımla idim. Hamımız da şəhərdən razı qaldıq. Bakı yaşamaq üçün fenomenal bir paytaxtdır. Vətənə döndükdən sonra Azərbaycan paytaxtında çəkdirdiyim şəkillərimi göstərdikdə heç kim inanmırdı. Xorvatiyada belə binalar heç vaxt olmayacaq. Bakının futbol infrastrukturuna gəlincə, burada 7 stadion var. Xorvatiyada bir şəhərdə o qədər arenanın olacağı heç vaxt mümkün görünmür. Lakin Bakıdan kənarda futbol baxımından heç nə qalmayıb. 

Müdafiəçi Azərbaycandan Qazaxıstana yollanmasının məcburi olduğunu deyib: "Mövsüm ərzində iki komandada – Sloveniya və Azərbaycanda oynadığımdan elə bir komandaya keçməli idim ki, o, yaz-payız sistemi ilə oynasın. Bu üzdən də Qazaxıstan klubunu seçdim”. 

Qeyd ki, M. Mujek hazırda Moldovanın ən titullu klubu "Şerif”də forma geyinir. 
 
Diasporpress.az