Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycanı beynəlxalq biznes ideya müsabiqəsində təmsil edəcək
08 Avqust, 17:31   |    Baxış sayı: 31

Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycanı beynəlxalq biznes ideya müsabiqəsində təmsil edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycanı dünyanın ən böyük "Yaşıl Texnologiya” biznes ideya müsabiqəsi olan "ClimateLaunchpad-2019”un beynəlxalq finalında təmsil edəcək.

BANM-dən Diasporpress.az-a bildiriblər ki, ali məktəbin "Climasel” komandası Milli finalda qalib gələrək Niderland Krallığının paytaxtı Amsterdam şəhərində noyabrda keçiriləcək Qlobal finalda iştirak hüququ qazanıb.

"Climasel” ölkəni beynəlxalq layihədə təmsil edəcək 2 yerli startap layihəsindən biridir. Layihə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.

Sosial İnnovasiya Laboratoriyasının dəstəyi ilə Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad” müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırır və vacib biznes biliklərini layihələri üzərində tətbiq edirlər.

Avropa İttifaqının maliyyə vəsaiti ilə bu təşkilatın İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən ənənəvi yarışmada bu il dünyanın 50-dən çox ölkəsi iştirak edir.

Dünya finalında hər iştirakçı ölkədən seçilmiş komandalar Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcək.

Böyük finalın qalibi 10 min avro, ikinci yerin sahibi 5 min avro, üçüncü yer tutan komanda isə 2 min 500 avro pul mükafatı qazanacaq. Eyni zamanda, dünya finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator” proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95 min avro maliyyə dəstəyi verilir.
 
Diasporpress.az