Azərbaycanlı tatu ustası: Nənələrimiz də siqaret çəkirdi, heç kim onlara fahişə demirdi
24 Aprel, 13:31   |    Baxış sayı: 717

Azərbaycanlı tatu ustası: Nənələrimiz də siqaret çəkirdi, heç kim onlara fahişə demirdi

Dünyada olduğu kimi, Azərbaycanda da son zamanlar döymə (tatu) sənətinə maraq kifayət qədər artıb. Ümumiyyətlə, döymə ənənəsinin dəqiq tarixi bəlli olmasa da, olduqca qədimdir. Hələ qədim Misirdə tatunun olması mumiyaların üzərindəki izlərdən aydın olur. Misirlilərdən başqa, britonların, qalyalıların və trakların da döymələri olub.

Sadəcə, qədimdə tatunun xüsusi anlamı vardı və onu hər kəsə etmək olmazdı. Məsələn, yunanlar və romalılar, tatunu günahkar və kölələrə edərdilər. Xristianlarda isə döymə qadağan idi. Buna qarşı çıxan ilk xristianlar bədənlərinə İsanın adını və ya xaçın izlərini əks etdirən döymələr edirdilər.

Bu gün yaşından asılı olmayaraq, gənclər arasında tatunun geniş yayıldığını görə bilirik. Bu, artıq göstəriş xətrinə atılan addımlardan birinə çevrilib. Müsahibimizin sözü ilə desək, tatunu hər kəsə etmək olmaz, gərək ona layiq olasan.

Oxu. Az-ın budəfəki müsahibi paytaxtda fəaliyyət göstərən döymə ustası, 24 yaşlı Səcidə Əliyevadır.

O bu sahədə çalışan xanım ustalar arasında ən fəalıdır. Özünün sözlərinə görə, bu sahəyə marağı uşaq vaxtlarından yaranıb. İlk tatuları isə saqqızlardan çıxan "nakolka”lar olub:

- Niyə məhz tatu?

- Uşaq vaxtından sevirdim rəsm çəkməyi. Daha sonra bu rəsmləri bədənimdə çəkməyi sevdim. Evdə hamıya deyirdim ki, mən tatu ustası olacağam. Atam-anam mənə deyirdi ki, ola bilməz. Bizim nəsildən belə adam çıxa bilməz. Elə oldu ki, məktəbi bitirdikdən sonra sənədlərimi Rəssamlıq Akademiyasına verdim. Akademiyada oxuya-oxuya atam deyirdi ki, təhsilimi bitirdikdən sonra işləməyə icazə verəcək.

Təbii ki, elə olmadı. Yenə mənə qarşı çıxdılar. Amma mənim bu işə o qədər marağım vardı ki, sizə tərif edə bilmərəm. Ailəmdən dəstək gəlməyəcəyini bildikdən sonra artıq gizli-gizli çalışmağa başladım. 16 yaşımdan işləməyə başlamışam. Artıq doqquz ildir ki, döymə sənəti ilə məşğulam.

- İşlərinizin böyük əksəriyyəti güllərdən ibarətdir. Xüsusi anlamı var?

- Yeddi ilə yaxın güllərlə çalışmışam. Ümumiyyətlə, döymələrimin əksəriyyətinə fikir versəniz, gül şəkilləridir. Müştərilərə hər zaman təbiət, güllər, ağac rəsmləri tövsiyə edirəm. Düşünürəm ki, bu, məndə daha yaxşı alınır. Amma müştərinin istəyini də yerinə yetiririk.

- İlk olaraq kimə və hansı döyməni işləmisiniz?

- Bunu heç unutmuram. Çünki öz doğma dayımın üzərində öyrənmişəm. Onun bədənində kiçik yazı idi. Daha sonra kiçik kəpənək şəkilləri, güllər, ağac və s. çəkməyə başlamışam.

- Tatuların tarixi barədə bir qədər məlumat verərdiniz...

- Əslində, tatunun bir tarixi yoxdur. Onun dəqiq olaraq harada və hansı şəraitdə yarandığı, nə məna daşıdığı bəlli deyil. Sadəcə olaraq, əvvəllər tatunu hər kəs etmirdi. Bu, hər kəs üçün əlçatan deyildi. Xüsusi ad qazanmaq lazım idi, məhbus həyatı yaşamaq və ya hər hansı qəhrəmanlıq, şücaət göstərməli idin ki, sənə döymə etdirməyə icazə versinlər. Çünki tatunu hər adama etmək olmazdı, gərək ona layiq olaydın. Bilirsiniz, bu gün tatunun ağrısına dözə bilmirlər və proseduru keyidici iynə ilə edirlər. Bu, düzgün deyil. Sən onun ağrısına dözmürsənsə, o tatuya layiq deyilsən.

- Bəs bu gün bu qayda-qanun nə üçün aradan qalxıb?

- Əslində, aradan qalxmayıb. Peşəkar ustalar hələ də buna riayət edir. Məsələn, bəzən döymə etdirmək üçün 18 yaşdan aşağı şəxslər gəlir. Mən onları qəbul etmirəm. Çünki onlar bir anlıq həvəslə, göstəriş xətrinə gəliblər. Bəlkə də, evdə heç kimin xəbəri yoxdur ki, bu uşaq döymə etdirməyə gəlib.

Mən pul xatirinə hər gələn müştəriyə döymə etmirəm. Buna görə də çox adam deyir ki, Səidə kobuddur. Mən bilirəm ki, o, sabah peşman olacaq. Tatunun isə geri dönüşü yoxdur. İnsan öldükdən sonra belə o dəridən silinmir. Amma təəssüf ki, əksər ustalar pul xatirinə azyaşlılardan belə yazılı kağız alıb, döymə edirlər. Bu, fikrimcə, düzgün deyil.

- Müraciət edənlər arasında çoxluğu qızlar təşkil edir, yoxsa oğlanlar?

- Əslində, müraciətlər arasında ciddi fərq yoxdur. Sadəcə, qadınlara nisbətən kişilər ağrıya dözümsüz olur. İnanın ki, durub yarımçıq gedən müştərilər belə olub. Amma xanımlar nə qədər ağrılı olsa da, səbrlə dözüblər. Hətta tatu qaydalarına qalsa, qadınlar etdikləri döymələrin haqqını verir, layiq olurlar.

Tatu sildirməyə gələnlər olurmu?

- Arada olur, amma mən tatu silmirəm. Əksər hallarda tatunu sildirmək istəyənlər arasında vaxtı ilə münasibətdə olduqları qızların (oğlan) adını bədəninə döydürənlər olur. Onlara da belə kömək edə bilirəm ki, hər hansı bir eskiz seçirlər və üzərinə yeni döymə edərək bağlayırıq.

- Bayaq dediniz, insan öləndə belə tatu bədəndən silinmir. Ümumiyyətlə, bunun bədəndən tamamilə silinməsi mümkündürmü?

- Olur. Bu gün texnologiya o qədər inkişaf edib ki, çox az prosedurlar tapa bilərik ki, mümkün olmasın. Təbii ki, tatunun silinməsi də çəkilməsi kimi peşəkarlıq tələb edir. Əgər tatu peşəkar usta tərəfindən işlənibsə, silinməsi də asan olur. Yox, əgər həbsxanada, gigiyenik olmayan şəraitdə əldə düzəltmə cihazlarla çəkilibsə, onun silinməsi çətindir. Bədəndən getmir və fəsad vermə ehtimalı da böyükdür.

Məsələn, həbsxanada qələm mürəkkəbi ilə, ayaqqabı mazını əritməklə iynə ilə onu bədənə vururlar. Bu, təbii ki, risklidir. Allergiya riski var. Qan xəstəlikəri yarana bilər. Ümumiyyətlə, nə olur-olsun, məncə, tatu sildirmək yaxşı bir şey deyil. Çünki tatu bir xatirədir. Xatirələri silmək olmaz. Ona görə də deyirəm ki, tatunun mənası olmalıdır. Onu boş-boşuna etdirməyin heç bir mənası yoxdur. Tatu göstəriş üçün maraq göstəriləcək ən sonuncu şeydir.

- Döymələrdə istifadə etdiyiniz boyaların orqanizmə ziyanı varmı? Haradan əldə edirsiniz?

- Xeyr, bu boyaların heç bir ziyanı yoxdur. Mən onları ABŞ-dan sifariş edirəm. Amma Azərbaycanda da əldə etmək mümkündür. Sadəcə, diqqət etmək lazımdır ki, saxta olmasın. Orijinal malların üzərində mütləq lisenziya olur. Bizim istifadə etdiyimiz rənglərin tərkibində süni boya yoxdur. Təbii bitkilərdən əldə edilən rənglərin isə heç bir ziyanı olmur. Tatu emək istəyən şəxslər ucuz xidmətə qaçmasınlar, çünki bu təhlükəlidir.

- Kimlərə tatu etmirsiniz və kimlərə tatu etmək olmaz?

- İçkili insanlara, hamilə qadınlara, şəkərli diabetdən əziyyət çəkən şəxslərə, narkotik maddə alüdəçilərinə tatu etmək olmaz. Amma mənim özümdən soruşursunuzsa, mən yenə deyirəm ki, bu işi sırf pul xatirinə etmirəm. Hər bir insanın üzərində işlədiyim tatu mənim əsərimdir. Avtomatik olaraq mən onların hər birini öz əsərim kimi görürəm. Bəzən müştəri gəlir. Söhbət edirik, amma onun enerjisi məni açmır. Ona tatu etmək istəmədiyimi deyirəm və yola salıram.

İşimi sevirəm və özümə də, işimə də hörmət edirəm. İnsanlardan hörmətsizlik, işimə qarşı qeyri-ciddilik görəndə tatu etmirəm. "Oğru aləmi”nə aid tatular çox qəbul etmirəm. Sadaladığım xəstəliklərdən əziyyət çəkənlər əgər çox tatu etmək istəyirlərsə, gərək həkimindən yazılı kağız gətirsinlər. Bəzən ailəli xanımlar gəlir ki, tatu etdirmək istəyirəm. Onlara deyirəm ki, həyat yoldaşlarına mənim yanımda zəng etsinlər və desinlər ki, tatu etmək istəyirlər. Neçə dəfə olub ki, zəngdən sonra xanım elə gəldiyi kimi də çıxıb gedib. Hər cür insanlar görürük, bizim işimiz də asan deyil.

- İnsan bədəninin hər yerinə tatu etmək olar?

- Xeyr, ən böyük və ciddi problemlərimizdən biri budur. Bədənin hər yerinə tatu etmək olmaz. Bu, sağlamlıq cəhətdən də düz deyil, məntiqi cəhətdən də. Düzdür, edənlər var. Amma normal şüurlu insan bunu istəməz, normal usta da bu istəyi gerçəkləşdirməz.

Misal üçün üzə, dirsəklərə, qulağın arxasına, diz qapaqlarının, qolun və ayağın bükülən hissələrinə, ovucun içinə, barmaq aralarına, ayağın altına  döymə vurdurmaq olmaz. Birincisi, işlək nahiyələrdir və tez silinir. İkincisi, damara, sümüyə toxunma riski var və təhlükəlidir. Amma elə adamlar olur ki, israrla bədənlərinin təhlükəli, ağrıların bol olacağı yerlərinə tatu etdirmək istəyirlər. Ağrıya dözürlər. O qədər mazoxistdirlər ki, ağrını sevirlər.

- Azərbaycanda bədənin hansı nahiyəsinə daha çox tatu vurdururlar?

- Bizdə insanlar göstərişi çox sevir. Ona görə də ən çox qollarına istəyirlər. Kürək, boyun nahiyəsini daha çox istəyirlər.

- Elə bir müştəri olub ki, onun istəyi sizi heyrətləndirib?

- İnanmayacaqsınız, amma elə müştərilər gəlib ki, onlar gedəndən sonra ciddi-ciddi düşünmüşəm ki, bu insanlar mənimlə zarafat ediblər, ya həqiqətən, bu dediklərini etməyimi istəyiblər?! 20 yaşlarında bir qız gəlmişdi. Hiss olunurdu ki, tatunun mahiyyətini anlamır. Mənə dedi ki, üzümə gül rəsmi döydürmək istəyirəm. Mən dəfələrlə dedim, olmaz. Amma qız o tatunu etdirdi.

Daha sonra ən qəribə istəklərin içərisində cinsiyyət orqanına döymə etdirmək istəyənlər var. Həm xanımlar, həm də kişilər bunu istəyib məndən. Amma heç birinin istəyini qəbul etməmişəm. Çünki olmaz. Yəni bunu heç cür başa düşə bilmirəm.

- Tatu edən zaman hiss edilən ağrını necə tərif edərdiniz?

- Bilirsiniz, hamı elə bilir ki, döymə etdirən zaman güclü ağrılar olur. Amma əslində, elə deyil. Tatu elə bir şeydir ki, onun ağrısını bir dəfə dadan ikinci dəfə də dadmaq istəyir. Bir növ mazoxistlər, yəni ağrını sevənlər bunu təkrar-təkrar istəyirlər. Amma tatunun ciddi bir ağrısı olmur. Bir neçə dəqiqədən sonra ağrı hiss edilmir. Hiss edilən yeganə ağrı yüngül yanma ağrısıdır.

- Ümumiyyətlə, tatu etdirmək istəyən şəxs ilk olaraq nəyə diqqət etməlidir?

- Tatu vurdurmaq istəyirsinizsə, öncə ustaların çalışdığı studiyanın gigiyenik vəziyyəti, onun istifadə etdiyi ləvazimatların steril olub-olmadığına diqqət etmək lazımdır. Bu gün öz evində qeyri-steril şəraitdə belə tatu vuran "ustalar” tanıyıram. Amma yenə də heç bir halda mən evdə tatu edən ustaya müraciət etməzdim.

Xüsusilə bu məqamlar sağlamlıq üçün önəmlidir: tatu edən zaman studiyada müştərinin uzandığı kosmetik oturacaq xüsusi şəkildə izolyasiya edilməlidir, usta bütün işləri əlcək geyinərək etməlidir, proses zamanı istifadə edilən iynə və iynə başlığı müştərinin qarşısında qablaşdırmadan çıxarılmalıdır, istifadə ediləcək boyalar müştərinin gözü qarşısında açılmalı və birdəfəlik istifadə üçün xüsusi qablara tökülməlidir.

- Tatu etdirmək üçün xüsusi mövsüm varmı?

- Əslində, deməzdim. Nə zaman istəsələr, etdirə bilərlər. Sadəcə, sərin aylarda edilən tatular yay aylarında edilən tatulardan daha keyfiyyətli olur. Çünki isti havalarda boyalar öz keyfiyyətini tez itirir. Yayda tatu etdirən şəxs 20 gün günəş şüasından qorunmalıdır.

- Yaxşı məqama toxundunuz. Tatunun sağalma prosesindən danışardınız. Hansı normalara əməl edilməlidir?

- Tatu etdirən zaman təxminən iki həftə çimmək olmaz. Sudan və günəş şüasından qorunmaq lazımdır. Tatu vurulan nahiyə bağlanmalıdır ki, geyimlər onu sürtüb aşındırmasın. Təxminən bir aya yaxın müddətdə tam sağalır.

- Deyilənə görə, tatu dəri xərçənginin yaranmasına səbəb ola bilir. 

- Əslində, tatu xərçəng yaratmır. Əgər elə olsaydı, ömür boyu siqaret çəkən, içki içən insanlar elə məhz xərçəngdən dünyasını dəyişərdi. Amma siz də eşidərsiniz ki, ömür boyu qidalanmasına fikir verən, sağlamlığını qoruyan insanlar birdən-birə xərçəngdən dünyasını dəyişirlər. Bunu necə izah edirlər bəs?

- Yeri gəlmişkən, sizdə qiymətlər necədir?

- Bu, döymənin həcmindən və detallardan asılıdır. Amma qiymətlər minimum 30 manatdan başlayır. Adi bir nöqtə belə qoydumsa, 30 AZN dəyəri var. Kiçik döymələr 50-80 manata qədərdir. Rəsmin çətinliyinə görə qiymət arta bilər. Bu günə qədər etdiyim ən bahalı döymə 1000 manat dəyərində olub. Kürək nahiyəsinin yarısına rəsm çəkmişəm.

- Ən baha döymə neçəyə olar?

- Bunun limiti yoxdur. Bütün bədənə döymə etmək olar. Təxminən belə deyim ki, ən bahalı döyməni detalları ilə birlikdə 50 min manata edərəm.

- Bəzi tatu ustaları var ki, öz bədənlərində tatu yoxdur. Sizdə tatu varmı?

- Təxminən doqquza yaxın tatu var bədənimdə. Amma sayları yavaş-yavaş artacaq. Hər birinin öz mənası və xatirəsi var.

- Məşhurlardan kimlər sizə müraciət edib?

- Əslində, bir neçə tanınmış sima müraciət edib. Amma adlarını çəkmək etik olmaz. Bu yaxınlarda hər kəsin sevdiyi Xalq artistlərimizdən biri gələcək. Ona gözəl bir buket tatusu edəcəyəm.

- Müştərilərinizdən sizə aşiq olanlar olub?

- O qədər (gülür). Tatu üçün yox, məhz mənimlə tanış olmaq üçün gələnlər olub. Təbii ki, mən bunu hiss etmişəm və onları bir yolla uzaqlaşdırmışam. Təəssüflə demək istəyirəm ki, əksər hallarda mənə eşq elan edənlər öz həmcinslərim olub. Əslində, onlara qarşı önyarğılı deyiləm, yetər ki, məndən uzaqda olsunlar.

- Cəmiyyətdə tatuya qarşı olan neqativ fikirlərə münasibətinizi bilmək istərdim. 

- Bilirsiniz, buna heç kim dolğun cavab verə bilmir. Əvvəllər nənələrimiz, babalarımız bədənlərinə, əllərinə kömürdən tatu edərdilər. Nənələrimiz siqaret çəkərdilər. Buna heç kim pis baxmırdı. Heç kim onları fahişə adlandırmırdı. Amma bu gün, təəssüf ki, siqaret çəkən bir xanım görən kimi o dəqiqə onun pis yolda olduğu qənaətinə gəlirlər. Eləcə də, tatusu olan xanımlara qarşı da eyni yanaşma var. Düşünürəm, bu mentalitetlə bağlı stereotiplərdir. Onu qıra bilmirik ki, növbəti mərhələyə keçək.