Azərbaycanlı alimə yubiley medalı təqdim olunub
01 Avqust, 17:58   |    Baxış sayı: 56

Azərbaycanlı alimə yubiley medalı təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsində kimya elmləri doktoru, professor Hacalı Nəcəfova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Yubiley medalı” təqdim edilib.

Diasporpress.az xəbər verir ki, həmvətənimiz bu medala Prezident İlham Əliyevin Sərəncamı ilə layiq görülüb.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev çıxış edərək medalın əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu mükafat elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olan və bununla da yaşadıqları ölkələrlə tarixi vətənləri arasında əlaqələrin möhkəmləndirilməsinə bilavasitə töhfə verən xaricdəki ziyalılarımızın xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.

Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, akademik Rafael Hüseynov görkəmli alim H.Nəcəfovun elmi və ictimai fəaliyyətindən danışıb. O, alimin fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, onun Azərbaycan və Türkiyənin elm adamları arasında əməkdaşlığın daha da inkişaf etməsi üçün göstərdiyi xidmətlərə diqqəti cəlb edib.

H.Nəcəfov yüksək medala layiq görülməsinə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu əlamətdar hadisəni Azərbaycan elminə və alimlərinə göstərilən dövlət qayğısının bariz nümunəsi adlandırıb.

Qeyd edək ki, fəaliyyət göstərdiyi Qars Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisasının bakalavr və magistr pillələrində tədris olunmasında H.Nəcəfovun xüsusi xidmətləri var.
 
Diasporpress.az