“Azərbaycan iqtisadiyyatı liberallaşma nəticəsində öz potensialını daha da gücləndirəcəkdir”
10 Avqust, 16:07   |    Baxış sayı: 2739

“Azərbaycan iqtisadiyyatı liberallaşma nəticəsində öz potensialını daha da gücləndirəcəkdir”

Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, bütün sahələrdə dəyişikliklərin həyata keçirilməsini təmin etdi və inkişafla bağlı müsbət dinamikanın əldə edilməsinə şərait yaratdı.
Lakin, pandemiyanın yayılması ilə əlaqədar əlavə xərclərin meydana çıxması – yeni xəstəxanaların tikilməsi, əlavə təcili tibbi yardım avtomobillərinin alınması, habelə maddi yardımların verilməsi, təhsil haqlarının müəyyən qisminin dövlət hesabına ödənilməsi, iş yerlərini və gəlirlərini itirmiş şəxslərə kompensasiyaların verilməsi bu sahələrə xüsusi diqqət yetirilməsinə səbəb oldu.
Belə ki, cari ilin ilk 3 ayında iqtisadi sahədə qazanılan uğurlara, təəssüflər olsun ki, pandemiya öz təsirini göstərdi. Burda bir məsələni xüsusilə diqqətə çatdırmaq lazımdır ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül  20 faiz və daha çoxdur. Bu gün dünyanın 150-dən artıq ölkəsi maliyyə yardımı üçün müraciət etdiyi halda, biz lazımi tədbirləri öz hesabımıza həyata keçiririk. Deməli, qeyd olunan dövlətlərlə müqayisədə ölkəmizdə vəziyyət daha yaxşıdır. Belə ki, vaxtında atılan addımlar öz uğurlu nəticəsini verir. Pandemiyaya qarşı mübarizə ilə əlaqədar qəbul edilmiş operativ qərarlar sayəsində xəstəliyin yayılması dinamikası müsbətə doğru dəyişir və statistika son günlər kifayət qədər yaxşıdır.
İndi isə əsas məqamlardan biri iqtisadi gücü bərpa etmək və inkişafa nail olmaqdır. Hazırda iqtisadiyyatın liberallaşdırılması diqqət mərkəzindədir, eyni zamanda, sahibkarlara göstərilən dəstəyin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Bunun nəticəsində onların kreditlərlə təmin edilməsi, eyni zamanda, yerli və xarici investorların ölkəyə cəlb edilməsi diqqət mərkəzindədir. Sahibkarlar da, öz növbəsində, fəaliyyətlərini təkcə daxili bazarın tələbatının ödənilməsinə yönəltməməli, əksinə, xarici bazarların tələbinə uyğun əmtəə istehsalı ilə məşğul olmalıdırlar.
Bildiyimiz kimi, buğun zərər çəkən sahələrdən biri də turizm sahəsidir. Bu  sahə son illər rentabelli olmuşdur. Ölkəmizin xaricdə tanıdılması istiqamətində  aparılan sistemli işlər öz effektiv nəticəsini verməklə qısa bir zamanda Azərbaycan  turistlər tərəfindən ən çox ziyarət edilən ölkələrdən birinə çevrilmişdir. Lakin  pandemiya dövrü, təəssüflə qeyd etmək lazımdır ki, xarici ölkələrdən turistlərin gəlməsinə ciddi maneələr yaratdı. Dövlət, haqlı olaraq, əhalinin sağlamlığını turizmdən gələn gəlir də daxil olmaqla hər şeydən üstün tutur.
Lakin vergi və digər daxilolmalarla əlaqədar aparılan islahatlar nəticəsində bu sahədə büdcə daxilolmaları I yarımillikdə proqnozlaşdırılandan daha artıq oldu, bu da aparılan islahatların uğurlu məntiqi nəticəsidir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının "Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatına görə Azərbaycan regionda şəriksiz liderdir,  keçən ilə nisbətən iqtisadiyyatımız daha da irəliləyərək 54-cü yerdə qərarlaşıb.
Dövlət şirkətlərində hazırda itkilərin aradan qaldırılması istiqamətində ciddi iş aparılır. İslahatların tərkib hissəsi olaraq, həmin şirkətlərin büdcədə yaratdıqları yükün minimuma endirilməsi nəzərdə tutulur. Belə ki, dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına birmənalı şəkildə son qoyulması gözlənilir.
Hazırda dünyada geniş yayılmış iqtisadi sistemlərdən biri olan "Build Operate Transfer” (Qur, işlət və ötür), yəni müəssisələrin qurulması, işlədilməsi və ötürülməsini özündə ehtiva edir. Bu sistemin tərkib hissəsi olaraq, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara ciddi dəstək kreditinin verilməsi, habelə onlar tərəfindən yeni sahələrin yaradılmasını özündə ehtiva etməkdədir.
Habelə Public Private Partnership modelinə uyğun olaraq isə ictimai faydalılığı təmin etmək, iqtisadiyyatın inkişafına dəstək olmaq və dövlətin sahibkarlarla əlaqələri nəticəsində irəli sürdüyü iqtisadi artımın ehtiva olunmasıdır.
Dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək məqsədilə ölkə başçısının 7 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi  yaradılmışdır. Bu isə pandemiya dövründə dövlət müəssisələrini vahid çətir altında toplamaqla, onların profisitinin artırılmasına, habelə büdcədən asılılıqlarının azaldılmasına hesablanmış mühüm qərardır. Vahid idarəetmə modeli əsasında dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini özündə ehtiva edir. Hansı ki, sözügedən islahatlar azad bazar münasibətlərinin hərtərəfli inkişafına,  özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirməyə hesablanıb.
Dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində islahatların aparılması ölkə başçısı tərəfindən aparılan islahatların məntiqi və rasional davamıdır.
 
Milli Məclisin Sədr müavini Adil Əliyev
 

Diasporpress.az