Azərbaycan evləri və
11 Sentyabr, 17:44   |    Baxış sayı: 923

Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüşü keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və "Qarabağ” həftəsonu Azərbaycan məktəbləri rəhbərlərinin ölkəmizdəki KİV nümayəndələriylə virtual görüşü təşkil edilib.

Diasporpress.az xəbər verir ki, tədbirdə Berlin, Münhen, Köln (Almaniya), Varşava (Polşa), Tallin (Estoniya), Zalsburq (Avstriya), Ankara (Türkiyə), Kiyev (Ukrayna), Budapeşt (Macarıstan), Barselona (İspaniya) şəhərlərində və Marneuli (Gürcüstan) rayonunda fəaliyyət göstərən Azərbaycan evlərinin, Nant (Fransa) və Bern (İsveçrə) şəhərlərindəki "Qarabağ” məktəblərinin rəhbərləri, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərtac, Trend, Apa, Publika, Report, Azxeber.com və s. media qurumlarının nümayəndələri, müstəqil jurnalistlər və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan evlərinin və "Qarabağ" məktəblərinin rəhbərləri çıxış edərək evlərin və məktəblərin yaranma tarixi, fəaliyyəti, həyata keçirdikləri müxtəlif layihələr, pandemiya dönəminin sərt karantin mərhələsi və Tovuz hadisələri zamanı atılan addımlar barədə ətraflı məlumat veriblər.

Tədbir jurnalistlərin suallarının cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə davam edib. KİV nümayəndələrinin sualları Qarabağ həqiqətlərinin təbliği ilə bağlı göstərilən təşəbbüsləri, pandemiya dönəmində soydaşlarımızın dəstəklənməsi məqsədilə atılan addımları, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq və s. məsələləri əhatə edib.

Sonda Azərbaycan evlərinin və Qarabağ məktəblərinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Diasporpress.az