Ayrılığın bir ili və yaxud Babək Qurbanovu xatırlayarkən...
30 Mart, 15:49   |    Baxış sayı: 501

Ayrılığın bir ili və yaxud Babək Qurbanovu xatırlayarkən...

Müasir Azərbaycan elminin parlaq simalarından, nadir istedad və zəka sahiblərindən biri olan fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun dünyasını dəyişməsindən bir il ötür. Böyük Xalq şairi Osman Sarıvəllinin ailəsində dünyaya gəlmiş, mənalı və şərəfli bir ömür yaşamış Babək Qurbanov bizim qəlbimizdə sadə və olduqca təvazökar bir insan, öz məsləkinə vicdanla xidmət edən bir alim, vətənpərvər və doğulduğu torpağı, təmsil etdiyi xalqı bütün varlığı ilə sevən bir insan kimi qalmışdır. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvü, Gaziantep Universiteti Türk Musiqi Dövlət Konservatoriyasının professoru, 700 elmi məqalənin və 30-a yaxın kitabın müəllifi olmuş Babək Qurbanovdan bizi bir illik bir vaxt ayırır. Tarix üçün çox az olan bu zaman kəsiyi Babək müəllimi bizə daha da doğmalaşdırmış, onu sevənlərin qəlbində daha da ucaltmış, özünə əbədi bir heykəl qoymuşdur.

Babək Qurbanov böyüdüyü Osman Sarıvəlli ocağından sönməz bir nur alıb ətrafına elm, insanlıq, sadəlik, vətənpərvərlik, mərhəmət və sevgi işığı paylayan parlaq bir təşnə idi. Elə bir təşnə ki, bir millət, iki dövlət olan Türkiyədə və Azərbaycanda öz zəngin elmi, yorulmaz müəllimlik fəaliyyəti və xalqa sonsuz sevgisiylə çalışır, gənc nəslə elmdən nur payı verirdi. Elə bir nur payı ki, illər keçəndən sonra o, şüurlarda, qəlblərdə şəfəqə dönüb günəş kimi parlayacaqdı – Babək müəllimin özü parladığı kimi. Musiqi sənətinin ustadlarından olan, istedadlı sənət və qələm adamı Babək Qurbanovun bu dünyadakı missiyası bir müəllim, pedaqoq kimi öyrətmək, öz ardıcıllarını yetişdirmək, amalı, qayəsi, fəaliyyəti və yaradıcılığı ilə xalqına, türk dünyasına xidmət etmək idi.

Biz qazaxlılar, sağlığında həmişə Osman Sarıvəllinin yadigarı, bir elm xadimi kimi Babək müəllimin elmi və pedaqoji fəaliyyəti ilə daima maraqlanır, onunla fəxr edirdik. Fəxr edirdik ki, belə bir həmyerlimiz, bir alimimiz, vətənpərvər eloğlumuz var. O, doğulduğu eldən min kilometrlərlə uzaqda çalışsa da biz onun xoş sədalarını eşidir, böyük elmi fəaliyyəti ilə daima maraqlanır, bir alim kimi onunla fəxr edib fərəhlənirdik. Fərəhlənirdik ki, böyük alimlər, elm xadimləri yetişdirmiş Qazaxın Babək Qurbanov kimi ziyalı bir oğlu var. O, hər bir qazaxlının fəxr yeri idi.

Babək Qurbanovdan söz açarkən 3 il bundan qabaq, 2017-ci il dekabr ayının 16-da Qazaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı yada düşür. Respublikamızın tanınmış dövlət,  elm, incəsənət və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilmiş həmin tədbir əsl poeziya, söz bayramı idi. Bu bayram bir də ona görə möhtəşəm, yaddaqalan idi ki, həmin tədbirdə böyük şairin oğlu Babək Qurbanov da iştirak edirdi. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun dəvəti ilə uzaq bir yol qət edib tədbirə gəlmiş Babək müəllim özünün dediyi kimi "Çox xoşbəxt və fərəh içərisində idi”. Ona görə ki, ilk növbədə ata yurduna gəlmişdi, eyni zamanda, atasına belə yüksək dəyər verilirdi və ən başlıcası onu sevənlərin əhatəsində idi. Ömrünün ahıl yaşında Babək müəllim bir anlıq başqa bir aləmə düşmüşdü. Bu aləm onu kökünə daha da bağlayır, ata nəsihəti verir, Kür coşğunluğuna, Göyəzən ucalığına səsləyirdi. Həmin gün ömrə yazılan gün idi, qazaxlıların yaddaşında əbədi olaraq qalan bir gün. Özümüz də bilmədən onunla görüşüb ayrılırdıq sonuncu dəfə.

Babək Qurbanov tədbirdə çıxış edərək atasına verilən yüksək dəyərə və bu cür yüksək səviyyədə tədbirin keçirilməsinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından, ailəsi adından dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, "Bu gün bizim ailə üçün əsl bayramdır. Biz sevinirik ki, atama bu cür dəyər verilir. Onun adı daim yüksəklərdə tutulur. Mən şairin oğlu və bir elm adamı kimi ölkə başçısı İlham Əliyev cənablarına sonsuz təşəkkürümü çatdırıram ki, şairlərimizə, yazıçılarımıza, ədəbiyyat adamlarına hər zaman böyük önəm verir, diqqət və qayğı göstərir. Bu gün atam Osman Sarıvəllinin həyat və fəaliyyətinə, yaradıcılığına həsr olunmuş poeziya bayramı bunun ən bariz nümunəsidir”.

Bu sözlər poeziya bayramının zirvəsi, ampulası oldu. Tədbirin keçirildiyi gündən 3 il keçməsinə baxmayaraq Babək müəllimin xoş, səmimi və bir az da qayğılı siması bu gün də gözlərimiz önündədir. Ata ocağına gəlmək sanki ona yeni bir ilham vermiş, təzə bir həvəs gətirmişdi. İkinci Şıxlı kəndində atasının qəbrini ziyarət edərkən keçirdiyi dərin, qayğılı duyğular poeziya bayramındakı sevgi və fərəh, söz və ucalıq hisslərinə qovuşmuşdu. Rayon camaatının ona qarşı olan sevgi və hörmətini görüb daha da fərəhlənir, atasının "Bu yerlər” adlı şeirində yazdığı,

Şeirin, sənətin mükafatını,

Həmişə, hər zaman aldı, bu yerlər

misraları xəyalından gəlib keçirdi. Ona görə də gözləri daha da nurlu, çöhrəsi daha da fərəhli idi. Bu duyğular sanki yenidən ata ocağına, ata yurduna bir daha bağlayırdı onu. Özü də həmişəlik. 

Həmin tarixi gündə Babək müəllim söhbət etdiyi insanlarla, yaxınları, doğmaları, elm adamları ilə çox mətləblərdən söhbət açdı, bir çox məsələlərin həll olunmasının vacibliyindən söz açdı. Görünürdü ki, Vətən eşqi ilə döyünən ürəyi doludur, ona görə də olduqca əhatəli və coşğunluqla danışırdı. Söhbət əsnasında Azərbaycanın zorla cəlb edildiyi münaqişədən də söz açdı, Dağlıq Qarabağın, eləcə də ondan yüz kilometrlərlə uzaqda yerləşən Qazax rayonunun 7 kəndinin işğal olunmasını ürək ağrısı ilə qeyd elədi. Azərbaycan torpaqlarının tezliklə azad olunmasını arzu etdi və buna bütün varlığı ilə inandığını bildirdi. Həmin tarixi günün uzaqda olmadığını qeyd elədi.

Babək Qurbanovun vəfatı bütün Azərbaycan xalqı kimi bizi də çox sarsıtdı. Mənalı ömrünün 80-ci ilində dünyasını dəyişən böyük alim rayonumuzun İkinci Şıxlı kəndində, atasının yanında torpağa tapşırıldı. Görüləsi neçə-neçə işləri, yazılası neçə-neçə elmi yazıları, çap olunası kitabları, nur saçacaq saysız-hesabsız əməlləri yarımçıq qaldı. Həmin acı gündən düz bir il ötür.     

Elm işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı yaran, bəşərin qəlbinə, ruhuna işıq paylayan əməl sahibləridir. Bu elm işığının içində işıq aramaq isə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Babək müəllimin sözü, işi, əməli, şəxsiyyəti Tanrının nurundan yaranmışdı. Böyük alim, gözəl insan Babək Qurbanov bu fani dünyada mənalı ömür yaşadı, xeyirxah və nəcib əməllərini, zəngin elmi irsini xalqına, bizlərə miras olaraq qoyub getdi. Babək müəllim cismən bizdən uzaqda olsa da, ruhən bizimlə birgə yaşayır. Doğmalarının, yaxınlarının, onu tanıyan bütün insanların qəlbində.  

Elçin İSMAYIL,

şair-publisist