AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıb
12 Avqust, 13:29   |    Baxış sayı: 29

AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıb

Bu günədək Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanda 26 "yaşıl” layihənin reallaşdırılması üçün 350 milyon avro ayrılıb.

Bunu Diasporpress.az-a bankdan bildiriblər.

Bankdan Azərbaycanda elektronika və məişət texnikası sahəsində lider şirkət olan "Baku Electronics”ə göstərilən dəstək barədə danışıblar:

"Baku Electronics” və AYİB uzun müddətdir ki, əməkdaşlıq edir. Əməkdaşlıq 2007-ci ildə, "Baku Electronics” yeni mağazanın tikintisinin maliyyələşməsi üçün birinci kreditini alanda başlayıb. AYİB şirkəti 2010 və 2012-ci illərdə daha iki borcla dəstəkləyib və onun fəaliyyətinin genişlənməsinə kömək edib”.

AYİB-dən bildiriblər ki, 2013-cü ildə fəaliyyətinin genişlənməsi nəticəsində "Baku Electronics” investisiya proqramını hazırlayıb. Bu proqram bankın 13 milyon dollarlıq krediti ilə maliyyələşmiş yeni texnologiya mağazalarının tikintisini nəzərdə tutub:

"Baku Electronics”lə son saziş 2018-ci ildə imzalanıb. Bu saziş şirkətin yeni mağazalarının açılması ilə artmış dövriyyə kapitalının ehtiyaclarının maliyyələşdirilməsinə yönəlib. Şirkət həmçinin öz məhsullarının çeşidini artırıb və tekstildən ibarət olan yeni seqmentini təqdim edib”.

Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı investordur və bu günədək energetika, infrastruktur, bank işi, sənaye və kommersiya kimi sahələrə 3,3 milyard avroya yaxın investisiya yerləşdirib.
 
Diasporpress.az