Atırau vilayətində həmrəylik günü qeyd olunub
14 Yanvar, 11:18   |    Baxış sayı: 403

Atırau vilayətində həmrəylik günü qeyd olunub

Qazaxıstanın Atırau vilayətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbir keçirilib.

Atırau şəhərindəki "Renaissance” otelində baş tutan tədbirdə vilayətin akimi Mahambet Dosmuhambetov, Qazaxıstan Xalqı Asambleyasının (QXA) katibliyinin rəhbəri Gulmira Şakirova, X.Dosmuhambetov adına Atırau Dövlət Universitetinin iqtisadiyyat fakultəsinin dekanı Kansulu Utepkaliyeva, "Yelsan” mənəvi birliyinin rəhbəri Nurjan Yermuxanov, "Novruz” milli-mədəni cəmiyyətinin rəhbəri Eldar Əhmədov, Azərbaycan diasporunun, digər milli-mədəni cəmiyyətlərin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan və Qazaxıstanın dövlət himnləri ilə başlayan tədbirdə ölkəmizin Aktau şəhərindəki Baş konsulu v.i.e. Elmar Məmmədov, QXA katibliyinin rəhbəri Gulmira Şakirova, Atırau Dövlət Universitetinin iqtisadiyyat fakultəsinin dekanı Kansulu Utepkaliyeva və "Yelsan” mənəvi birliyinin rəhbəri Nurjan Yermuxanov çıxış ediblər. Natiqlər tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, həmrəylik gününün yaranma tarixindən, görkəmli dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 29 il ərzində nail olduğu uğurlardan, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafından, xalqlarımızın eyni kökə və oxşar milli adət-ənənələrə malik olduqlarından danışıblar.

QXA adından Azərbaycanın Baş konsulluğuna xatirə hədiyyəsi, Atırau Dövlət Universiteti və "Yelsan” mənəvi birliyinin adından "Novruz” milli-mədəni cəmiyətinin rəhbəri Eldar Əhmədova fəxri fərmanlar təqdim olunub.

Tədbir bayram konserti ilə yekunlaşıb.