Ölkə

9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə Qaxdan potensial namizədlər kimlərdir?

112 saylı Qax seçki dairəsindən Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə potensial namizədlər kimlər ola bilər?

9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə Qaxdan potensial namizədlər kimlərdir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Beləliklə, ölkə üzrə Parlamentə seçkilər keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev dünən Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşündə gənclərin də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlarına ümid etdiyini deyib.

112 saylı Qax seçki dairəsindən Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə potensial namizədlər kimlər ola bilər?! Qax.org.az saytı kiçik bir araşdırma apararaq, bütün mümkün variantları və ictimai rəydə dolaşan məlumatları bir araya toplayıb.

Belə ki, 2000-2019-cu illər Qaxın deputatı olmuş Azər Kərimlinin bu dəfə namizədliyini irəli sürmə ehtimalı ümumiyyətlə yoxdur. Çünki, onun da üzv olduğu Milli Məclis hökumətin islahatlarına və müasir çağırışlara cavab vermədiyi və Azər Kərimlinin fəaliyyətsizliyi bütün Qax camaatı tərəfindən dəfələrlə tənqid olunduğu üçün, onun bu dəfə seçkilərə qatılmayacağı dəqiqdir.

Növbəti əsas namizədlərdən biri kimi hüquq müdafiəçisi Əhməd Şahidovun adı hallanır. Belə ki, 2015-ci il seçkilərində Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi nəticələrə görə, 2-ci yerdə qərarlaşan Əhməd Şahidovun son illərki fəaliyyəti, xüsusən də beynəlxalq təşkilatlarda Azərbaycan dövlətini müdafiə edən çıxışları onun növbəti dəfə seçkilərə qatılacağı ehtimallarını artırır. Hərçənd ki, Əhməd bəy hələ ki bu barədə açıqlama verməsə də, onun Parlament seçkilərinə məhz Qax rayonundan qatılacağı və böyük dəstək qazanacağı ehtimalı böyükdür.

Mümkün namizədlər arasında Paşa Məmmədovun da adı sosial şəbəkələrdə tez-tez hallanmaqdadır. Son illər Ukraynada yaşayan və fəaliyyət göstərən Paşa Məmmədov Facebook sosial şəbəkəsində özünün tənqidi paylaşımları ilə yadda qalıb və mütəmadi olaraq, hökumətin bəzi yaşlı nümayəndələrinin fəaliyyətini sərt tənqid edir. Bu baxımdan Paşa Məmmədovun növbəti dəfə seçkilərə qatılacağı ehtimalı barədə danışılır.

Qaxdan namizədliyini verəcəyi barədə danışılan sürpriz namizəd kimi Cuma Əhmədzadənin adı hallanmaqdadır. Əslində bütün rəqiblərindən daha geniş maddi imkanlara və administrativ resurslara malik olan Cuma bəy hazırda Böyük Britaniyada şəxsi biznesini inkişaf etdirməkdədir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu olan Cuma Əhmədzadənin Qax rayonunda çox geniş biznes şəbəkəsi mövcuddur və onun barəsində mütəmadi olaraq yerli mətbuatda məqalələr dərc edilir, onun Böyük britaniyada iri şirkətlərə sahib olması və ofşor zonalarda müxtəlif adlar altında fəaliyyət göstərən iri şirkətlərə malik olması barədə fikirlər səsləndirilir.

Son günlər fəallaşan və 23 Dekabr bələdiyyə seçkilərində namizədliyini irəli sürən “Tərəqqi” medallı Əməkdar Məşqçi Dilarə Əhmədovanın da 9 Fevral Parlament seçkilərinə qatılacağı barədə məlumatlar dolaşmaqdadır. Azərbaycanda qadın futbolunun inkişaf etdirilməsində xidmətləri olan Dilarə Əhmədova bələdiyyə seçkilərində yerli icra orqanları tərəfindən müəyyən təzyiqlərə məruz qalmaqdadır. Onun Parlament seçkilərində ağır rəqabətə tab gətirəcəyi ehtimalı çox aşağıdır.

Növbəti potensial namizəd olaraq, tanınmış həkim, Hepatobiliar və Transplantasiya (Qaraciyər və Böyrək) Cərrrahı Eldar Əhmədovun adı çəkilir. Eldar həkim özü bu barədə yayılan məlumatları təkzib etsə də, onun Parlament seçkilərinə qatılacağı təqdirdə yerli sakinlər tərəfindən dəstək qazanacağı ehtimalı yüksəkdir. Siyasi dairələrdə tanınmayan Eldar Əhmədovun sosial şəbəkələrdə bir sıra tənqidi sosial paylaşımları Qax camaatı tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.

Qaxdan deputatlığa namizədliyi barədə danışılan növbəti şəxs REAL Partiyasının funksioneri Şamil Qarəhmədovdur. Şamil bəy Qax camaatı üçün yeni sima olsa da və ümumən ölkədə fəal siyasətçi kimi tanınmasa da, sosial şəbəkələrdə Azərbaycan hökumətinin sərt tənqidçisi olaraq görünməkdədir. Qax camaatının böyük hissəsi Şamil Qarəhmədov barədə ilk dəfə eşitdiklərini bildirirlər. Buna baxmayaraq, REAL funksioneri olaraq, seçkilərə qatılacağı təqdirdə, Şamil Qarəhmədovun öz rəqiblərini sərt tənqid edəcəyi gözlənilir.

112 saylı Qax seçki dairəsindən potensial namizədlər əsasən yuxarıda adları sadalanan şəxslərdən ibarətdir. Lakin mümkündür ki, seçki yaxınlaşdıqca digər sürpriz şəxslərin namizədliyi irəli sürülsün. Bu sürpriz şəxslər arasında YAP Qax rayon təşkilatının funksioneri Natiq Allahverdiyev, Qax rayon icra hakimiyyəti başçısının müavinləri Elbrus Tağıyev və Vəfa Heydərova, Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günay Mahmudova və digər şəxslərin adları hallanır.

 

DiasporPress.az